AZƏRBAYCANLI REJİSSOR ZAUR TAHİRSOY NETFLIX-də
Azərbaycanlı rejissor və ssenarist Zaur Tahirsoyun “Ölümdən Öncəki Tanqo” film layihəsi Netflix-in “Sıradaki Hikaye 2026” proqramında seçilərək noyabrın 30-da İstanbulda keçiriləcək layihə təqdimatına dəvət alıb.

Azərbaycanlı rejissor və ssenarist Zaur Tahirsoyun “Ölümdən Öncəki Tanqo” (“The Tango Before Death”) adlı film layihəsi Netflix Türkiyənin “Sıradaki Hikaye 2026” proqramında ilkin seçim mərhələsini keçərək İstanbulda keçiriləcək rəsmi layihə təqdimatına dəvət alıb. Müxbir.az xəbər verir ki, Azərbaycan Film Akademiyasının təsisçisi, rejissor və ssenarist Zaur Tahirsoy 30 noyabr 2026-cı il tarixində İstanbulda təşkil olunacaq Netflix Project Pitch Day tədbirində iştirak edəcək. Tədbir zamanı müəllif “Ölümdən Öncəki Tanqo” adlı film layihəsini Netflix nümayəndələrinə təqdim edəcək.
Netflix-in “Sıradaki Hikaye 2026” proqramı nədir?
“Sıradaki Hikaye” Netflix-in Türkiyədə həyata keçirdiyi və yeni hekayələrin, yaradıcı müəlliflərin və perspektivli ekran layihələrinin üzə çıxarılmasına yönəlmiş təşəbbüsdür. Proqram çərçivəsində müraciətlər qiymətləndirilir və seçilən layihələrin müəllifləri öz ideyalarını peşəkar təqdimat formatında nümayiş etdirmək imkanı qazanırlar.
Zaur Tahirsoy: “Heç bir zəhmət nəticəsiz qalmır”
Rejissor və ssenarist Zaur Tahirsoy dəvətlə bağlı fikirlərini bölüşərək uzun illərin yaradıcılıq zəhmətinin əhəmiyyətini vurğulayıb:
“Bəzən insan illərlə çalışır, amma heç nə dəyişmirmiş kimi görünür. Mənim də yorulduğum, özümə suallar verdiyim vaxtlar az olmayıb. Amma yenə də davam etmişəm. Bu gün yazdığım hekayələrdən biri Netflix-in ‘Sıradaki Hikaye 2026’ proqramında təqdimata dəvət alıb. Bundan sonra nə olacağını bilmirəm. Amma bu an mənim üçün çox dəyərlidir. Bunu uğur nümayişi kimi deyil, illərdir çalışan, amma hələ nəticə görməyən insanlara bir mesaj olaraq bölüşürəm: Yorulanda dincəlin, amma yolunuzdan dönməyin. Zəhmət bəzən gec bəhrə verir”.
Zaur Tahirsoy kimdir? Rejissorun filmləri və yaradıcılığı
Zaur Tahirsoy azərbaycanlı rejissor, ssenarist, prodüser, kino pedaqoqu və Azərbaycan Film Akademiyasının təsisçisidir. O, aktyorluq, rejissorluq və ssenaristlik istiqamətlərində tədris fəaliyyəti ilə yanaşı, kino və televiziya layihələrinin hazırlanması və istehsalı ilə məşğuldur.
Rejissorun film və televiziya işləri arasında aşağıdakı layihələr yer alır:
- “Həyat nə qəribəsən” Kinoteatr
- “Möcüzələr Akademiyası” Kinoteatr
- “Bakının açarı” Kinoteatr
- “Sayrışan işıqlar” – Xəzər TV
- “Onun Gözləri Gülürdü” – Mədəniyyət TV
- “Onun Gözləri Gülürdü - NƏRGİZ” – Mədəniyyət TV
- “Domino Daşları” – Mədəniyyət TV
- “Domino Daşları - KURYER ” – Mədəniyyət TV
Zaur Tahirsoy, həmçinin kino dramaturgiyası, ssenari yazarlığı və aktyor sənəti üzrə bir sıra kitabların müəllifidir. Onun müəllifi olduğu nəşrlər arasında “Netflix Dramaturgiyası”, “Ssenari Mühəndisliyi”, “Aktyor Alqoritmi” və “Aktyorluq Psixologiyası” kimi əsərlər mövcuddur.
Azərbaycan kino layihələrinin beynəlxalq təqdimatı
Azərbaycanlı rejissorun Netflix-in “Sıradaki Hikaye 2026” proqramının təqdimat mərhələsinə dəvət olunması yerli kino müəlliflərinin beynəlxalq audiovizual sənaye ilə peşəkar əlaqələrinin inkişafı baxımından diqqətəlayiq hadisədir.