“Tanrının zirehi 4: Ultimatum” filminin Azərbaycandakı çəkilişləri uğurla tamamlandı
“Tanrının zirehi 4: Ultimatum” filminin Azərbaycanda lentə alınan hissəsinin çəkilişləri yekunlaşıb. Layihə ölkədə indiyə qədər ən böyük xarici film istehsalıdır.

“Tanrının zirehi 4: Ultimatum” filminin Azərbaycanda çəkilən səhnələrinin istehsalı uğurla başa çatıb. Bu barədə Azərbaycan Respublikasının Kino Agentliyi məlumat yayıb. Bildirilib ki, layihə ölkəmizdə indiyə qədər reallaşdırılmış ən iri miqyaslı xarici film istehsalıdır. Filmin çəkilişlərinin uğurla həyata keçirilməsində Mədəniyyət Nazirliyinin koordinasiyası ilə Rəqəmsal İnkişaf və Nəqliyyat, Daxili İşlər, Fövqəladə Hallar nazirlikləri və digər dövlət qurumları, ümumilikdə 26 rəsmi təşkilat birgə dəstək göstərib. Layihədə 200-dən çox yerli mütəxəssis və onlarla yerli şirkət iştirak edib ki, bu da milli kino sahəsində təcrübənin artırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından önəmlidir. Qlobal səviyyəli belə blokbasterlərin ölkəmizdə çəkilməsi Azərbaycanın dünyada tanıdılması və turizm potensialının artırılması üçün əhəmiyyətli hesab olunur. Filmin baş qəhrəmanı Ceki Çanın geniş azarkeş kütləsi xüsusilə cənub-şərqi Asiya ölkələrində Azərbaycanı yeni turizm istiqaməti kimi kəşf etməyə təşviq edəcək. Çəkilişlərin tamamlanmasından sonra Ceki Çan dəstək göstərən dövlət qurumlarının və şirkətlərin nümayəndələri ilə görüşərək təşəkkürünü bildirib və xatirə hədiyyələri təqdim edib.